Binəqədi rayonunda "Lake Hotel"in gənc əməkdaşları faciəvi şəkildə həlak olublar. İlkin məlumata görə, hotelin restoranında işləyən dörd ofisiant dəmir konstruksiyalı təkərli qurğunu apararkən 10 min voltluq elektrik xəttinə toxunublar və yanaraq ölüblər.
Hotelin mühafizəçisi Əliağa Həsənov Oxu.Az-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hotelin şüşələri silinməli olduğu üçün ofisiantlar metal konstruksiyalı mexanizmi binanın arxa tərəfindəki tikintidən gətirirdilər.
Ofisiant peşəsində çalışanların pəncərə təmizləmək və ya fəhləlik etmək kimi öhdəliklərinin olmadığını nəzərə alsaq, maraqlıdır ki, hotel rəhbərliyini hansı cəza gözləyir?
Vəkillər Kollegiyasının üzvü Pərviz Hacıyev mövzu ilə bağlı Oxu.Az-a hüquqi izah verib.

O qeyd edib ki, istintaq çərçivəsində həmin ofisiantların əmək müqaviləsi ilə işləyib-işləməməsi və digər nüanslar araşdırılacaq:
"Baş verən hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə - cinayət işi başlanıb və istintaq aparılır. Bəzi hallarda restoran və ya hotel işçiləri əmək müqaviləsi olmadan işə cəlb edilirlər. Bu hallar inzibati məsuliyyət yaradır. Əgər 10 nəfərdən artıq işçi əmək müqaviləsi olmadan işlədilirsə, bu artıq cinayət məsuliyyəti deməkdir.
Hadisənin özünə gəldikdə isə ilk növbədə nəzər yetirilməlidir ki, həmin hotel və ya restoranın sahibi kimdir və orada təmir-tikinti işləri aparılıbsa, bu işləri kim həyata keçirib?
Mətbuatda qeyd olunur ki, hansısa cihazı əraziyə gətirmək istəyiblər və həmin qurğu yüksəkgərginlikli elektrik xəttinə toxunub. Bu xüsusatların hamısı daha dəqiq araşdırılmalıdır. Böyük ehtimalla burada həm hotelin mülkiyyətçisinin, həm də qurğunu daşımağı tapşıran şəxsin məsuliyyəti var. Adətən belə tapşırıqları hotelin administratoru verir və ofisiantlar da məhz onun göstərişi ilə hərəkət edirlər.
İstintaq müəyyən etməlidir ki, ofisiantlara təlimatı kim verib, həmin cihaz nə qurğusu olub, onu əl ilə daşımaq olardımı və ən əsası - ərazidə açıq, izolasiya olunmamış yüksəkgərginlikli elektrik xətti necə mövcud olub? Bu xətt əvvəldən orada olub, yoxsa sonradan hansısa səbəbdən izolyasiya sıradan çıxıb? Niyə təhlükə zonası nəzarətsiz qalıb və ofisiantlar həmin ərazidən necə keçiblər?"
Hüquqşünas əlavə edib ki, hoteli birbaşa mülkiyyətçi özü idarə edirsə, məsuliyyət onun üzərinə düşəcək. Əgər obyekt icarəyə verilibsə, bu halda məsul şəxs icarədardır. Eyni zamanda qurğunu daşımaq barədə göstəriş verən administratorun məsuliyyəti də istisna edilmir".
P.Hacıyev qeyd edib ki, Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirli bilinən şəxslər 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər və əlavə olaraq, müəyyən vəzifə və ya fəaliyyətlə məşğul olmaq hüququndan 3 ilədək məhrum edilə bilərlər. Bu maddə az ağır cinayətlər kateqoriyasına aiddir.
Məhərrəm Əliyev