Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş verən qətllə bağlı məlumat yayıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 26-da Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.
Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək hadisəni törətməsini etiraf edib.
G.Mirzəyevanın meyiti eksqumasiya edilib.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar aparılır.
12:15
Bir neçə gün əvvəl itkin düşən qızın meyiti meşədə tapılıb.
Oxu.Az xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncədə itkin düşən şəxs kimi axtarışda olan şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Aydın qızı Mirzəyevanın meyiti rayonun Xoşbulaq kəndi yaxınlığında meşədə basdırılmış halda tapılıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Elşad oğlu Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub.
R.Behbudzadə saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.