Redaksiyamıza Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, müharibə veteranı, “Hərbi xidmətə görə” medalı ilə təltif olunmuş Rəsulov Əvəz Ağa oğlunun yaxınları müraciət ediblər.
Müraciətdə bildirilir ki, Rəsulov Əvəz Şəkinin Göybulaq kəndində anadan olub. O, 1994-cü ildə Şəki Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və hələ də döyüşlərin getdiyi Tərtər rayonuna göndərilib, burada düşmənlə mübarizədə gözünün birini itirib.
O, göstərdiyi igidliyə görə mərhum prezident Heydər Əliyev tərəfindən “Hərbi xidmətə görə” medalı ilə təltif edilib və ordudan tərxis olunub.
Ordudan qayıtdıqdan sonra Əvəz ailə qurub və bu ailədən onun üç övladı dünyaya göz açıb. Əvəz ailəsini saxlamaq üçün tikinti sektoruna müraciət edib və burada çalışmağa başlayıb. Lakin işlədiyi günlərdən birində o, müvazinətini itirərək, hündürlükdən yerə yıxılıb və bu zaman bel sümüyü sınıb.
Yaxın qohumlarının köməyi ilə Qarabağ qazısı Bakı Gömrük Hospitalında əməliyyat olunub, həyatı xilas edilib.
Lakin indi onun 2 ayağı iflic vəziyyətdədir, yeriyə bilmir. Hazırda qardaşı Əvəzə və onun ailəsinə kömək etsə də, onun imkanları məhduddur və öz ailəsi də var.
Həkimlər isə bildiriblər ki, indi o, Sumqayıtda yerləşən Reabilitasiya Mərkəzində müalicə kursu keçərsə, bu, onun yeriməsinə kömək edə bilər. 6 ay davam edəcək müalicə kursunun hər ayı üçün isə 5500 manat – ümumilikdə 33 min manat tələb olunur.
Bundan əvvəl Əvəzin əməliyyatları üçün bütün vəsaitlərini sərf edən ailəsinin həmin məbləği ödəmək imkanı yoxdur və buna görə də, onlar Qarabağ qazısının müalicə alıb ayaq üstə dayanmasına yardımçı olmaq üçün ictimaiyyətə müraciət edirlər.
Xəstənin müalicəsi üçün açılmış bank hesabı:
Azərbaycan Beynəlxalq Bankı
Hesab nömrəsi: Az71IBAZ33882018409336667266