Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ədalət Fərman oğlu Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ədalət Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Ədalət Mustafayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.