Bakıda taksi sürücülərinə saxta pul əsginazları təqdim edən dəstə peyda olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov rayonu ərazisindəki “Saf” ticarət mərkəzi qarşısında dayanan taksi sürücüləri deyib.
Məlumata görə, son 10 gün ərzində onlara bir neçə dəfə saxta pul əsginazları təqdim olunub. Dəstə üzvləri əsasən gecə saatlarında işə başladığından sürücülər əsginazın saxta olub-olmadığını təyin edə bilmirlər. Yalnız ertəsi gün məlum olur ki, əslində onlara təqdim olunan 20 və 50 manatlıq əsginazlar saxtadır. Belə hallardan biri də taksi sürücüsü Qara Qarayevin başına gəlib.
Q.Qarayev məsələ ilə bağlı Nərimanov rayon Polis Şöbəsinə şikayət ərizəsi təqdim edib. Polis şöbəsində sürücüyə şəkil göstərilib və o da həmin şəxsi tanıyıb.