Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Federasiyanın sabiq vitse-prezidentinə hökm oxundu
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, ötən prosesdə prokuror Eldar Həmzə çıxışı zamanı məhkəmədən S.Rəcəbin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyeva birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manatı dələduzluq yolu ilə alıb.
Eyni zamanda o, digər tanışı Günay Əliyevanın “Bentley” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərək ona qarşı 51 min manat məbləğində ziyan vurub.
Beləliklə, S.Rəcəb üç nəfərə qarşı 341 min manatlıq dələduzluq edib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, S.Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub.
O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
Rəylər