Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Həbs olunan Fədayə Laçının səhhəti pisləşdi - YENİLƏNİB
"Fədayə Laçın barəsində yayılan ölüm xəbərləri həqiqətdən uzaqdır. Bu xəbərləri yayanları hüquq qaydasında təqib edəcəyik".
Oxu.Az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında müğənninin vəkili Türkel Süleymanlı deyib.
T.Süleymanlı F.Laçının səhhətinin çox da yaxşı olmadığını, lakin yayılan xəbərlərin, məlumatların sensasiya xətrinə uydurulmuş informasiyalar olduğunu deyib:
"Hər hansı şəxs barəsində yalandan ölüm xəbəri yazmaq olmaz. Bu məlumat həkim, müstəntiq və ya Penitensiar Xidmətə istinad edərək verilə bilər. Həmin xəbəri onun ailə üzvlərinin də oxuya biləcəyini düşünmək lazımdır. İnsanlarda yalandan gərginlik yaratmaq doğru deyil.
Hazırda Fədayə xanımın vəziyyəti stabildir. Elə təəssürat yaranmasın ki, idealdır. Lakin özündəngetməsi və digər xəbərlər yalandır. Yataq rejimində deyil, səhhətində hər hansı dəyişiklik yoxdur. Fədayə xanım hepatit xəstəsidir. Onun müalicəsinin həbsxana şəraitində aparılmasının çətin olması məsələsi ilə bağlı da müraciət ediləcək. Çünki bu xroniki xəstəlikdir və müalicəsinin mütəmadi aparılmasına ehtiyac var".
T.Süleymanlı F.Laçının ev dustaqlığına buraxılması üçün yaxın zamanda müraciət ediləcəyini bildirib:
"Müraciət hazırlanır. Bu həftə yekunlaşmazsa, növbəti həftə təqdim ediləcək. Bu barədə məlumat verəcəyik".
***
14.44
Həbsdə olan müğənni Fədayə Laçının səhhəti pisləşib.
Oxu.Az Metbuat.az-a istinadən bildirir ki, bu barədə müğənninin vəkili Türkel Süleymanlı bildirib.
Onun sözlərinə görə, mediada Fədayə Laçınla bağlı ölüm xəbərlərinin yayılması müğənnini sarsıdıb: “Fədayə xanımın səhhəti nasazdır. Yəni, bu məlum məsələlər onu sarsıdıb. Biz bütün faktları özümüzdə saxlamışıq, müəyyyən bir müddətdən sonra hüquq-mühafizə orqanlarına faktlarımızı təqdim edəcəyik. Əgər söhbət ölüm xəbərindən gedirsə, bunu etmək cinayət xarakteri daşıyır. Kiminsə yalandan, reklam xarakterli ölüm xəbərini yaymaq olmaz.
Bundan Fədayə xanımın ailəsi çox sarsılıb. Heç bir rəsmi mənbəyə istinad etmədən belə məlumatları yaymaq olmaz. Fədayə xanımın işi hər kəsə məlum olan bir işdir. Proses və istintaq 2018-ci ilin ortalarına qədər çəkə bilər. Hələ ki, heç bir yeni məlumat yoxdur. Ola bilər ki, gələn həftə üçün hər hansısa bir yenilik olsun. Əgər hər hansısa bir yenilik olarsa, dərhal məlumat yayacağıq”.
E.Ə
www.oxu.az