Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Robert Sedraki Koçaryan, Serj Azati Sarkisyan, Vazgen Mikaeli Manukyan, Vazgen Zaveni Sarkisyan, Samvel Andraniki Babayan, Vitali Mikaeli Balasanyan, Zori Hayki Balayan, Seyran Muşeqi Ohanyan, Arşavir Surenoviç Qaramyan, Monte Çarlz Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktlarına dair epizodlar, habelə Azərbaycan Respublikasının hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib.
Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktları və iş üzrə təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham akının hissəsini elan ediblər.
Bildirilib ki, 1988-2024-cü illər ərzində 3 493 nəfəri mülki, 15 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 850 şəxs qəsdən öldürülüb, 4 435 nəfəri mülki, 51 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.
Sonra dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktlarını sadalayıb.
Qeyd edilib ki, 1988-ci ilin fevralından başlayaraq Xankəndi şəhərində yerləşən Xankəndi Pedaqoji İnstitutunda müəllim işləyən azı 17 pedaqoji işçi, habelə ali təhsil alan azı 17 azərbaycanəsilli tələbə məhz azərbaycanlı olduqları üçün məcburi qaydada kütləvi şəkildə həmin institutdan qovulub.
1988-ci il fevralın 20-də - Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərarın çıxarılaraq SSRİ Ali Sovetinə göndərilməsindən cəmi bir gün sonra, yəni, 1988-ci il fevralın 21-də Əsgəran rayonu ərazisində odlu silahlarla aramsız atəşlər açılması nəticəsidə Xankəndi şəhərinin dinc mülki sakini Əhməd Bəhmən oğlu Əhmədov güllə yarası alıb.
1988-ci il iyulun 9-da milis orqanlarına daxil olmuş məlumat əsasında həmin ilin mart-aprel aylarında Xankəndi şəhərində yerləşən Kondensator zavodunda müxtəlif qurğular vasitəsilə kustar üsulla hazırlanmış silahlar və partlayıcı qurğular, habelə əl qumbaraları aşkar edilərək götürülüb.
1988-ci il sentyabrın 20-də Xocavənd rayonunun Günəşli kəndinə odlu silahlardan və tüfənglərdən istifadə olunmaqla edilmiş hücum nəticəsində həmin kəndin dinc sakini Məhəmmədəli Qəhrəman oğlu Balakişiyev qəsdən öldürülüb.
Qarabağ İpək kombinatının təmir-tikinti sahəsinin rəisi Slavik Calaloviç Ayrapetyan, kombinatın partiya komitəsinin katibi Robert Sedraki Koçaryan, baş mühəndis Vladimir Semyonoviç Simonyan, həmkarlar təşkilatının sədri Bella Surenovna Mesropyan və başqaları1988-ci ilin sentyabr ayı ərzində iş yerinə buraxmamaqla və hədə-qorxu gəlməklə Qarabağ İpək kombinatında işləyən azərbaycanəsilli şəxsləri kütləvi şəkildə iş yerindən qovaraq əmək hüquqlarından zorla məhrum ediblər.
Ermənistan Respublikası Silahlı Qüvvələrinin törətdiyi çoxsaylı cinayətləri videolentə alaraq dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndinə ezam olunmuş Azərbaycan Dövlət Televiziyasının "215 KL" studiyasının rəhbəri, jurnalist Çingiz Fuad oğlu Mustafayev həmin gün saat 11 radələrində çəkiliş apararkən yaxınlığına düşüb partlamış minaatan mərmisinin qəlpələrinin bədəninin müxtəlif nahiyələrinə dəyməsi nəticəsində qəsdən öldürülüb.
2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və mülki əhaliyə zirehli texnikalardan atəş açılıb, "OQ-9M" markalı 73 millimetr çaplı, qəlpəli qumbaranın Alxanlı kəndinin ərazisinə düşərək partlaması nəticəsində kəndin dinc sakinləri Sahibə İdris qızı Allahverdiyeva və 2016-cı il təvəllüdlü azyaşlı Zəhra Elnur qızı Quliyeva müxtəlif bədən xəsarətləri alaraq qəsdən öldürülüb.
2020-ci il iyulun 14-də Ermənistan Respublikasının Tavuş vilayəti Berd rayonu Movses kəndi ərazisində yerləşən mövqelərdən və ələ keçirilmiş "Ara postu" adlanan döyüş mövqeyindən iriçaplı artilleriyadan Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən "N" saylı hərbi hissəsinin müvafiq döyüş postunun yaxınlığında qurulmuş sığınacaq istiqamətində atəşlər açılıb, atılmış mərminin sığınacağa düşərək partlaması nəticəsində general-mayor Polad İsrayıl oğlu Həşimov, polkovnik İlqar Anzor oğlu Mirzəyev, mayor Namiq Hajan oğlu Əhmədov, mayor Anar Gülverdi oğlu Novruzov və gizir Yaşar Vasif oğlu Babayev qəsdən öldürülüb.
2020-ci il oktyabrın 2-də işğal altında saxlanılan Ağdərə, Ağdam rayonları və digər ərazilərdəki mövqelərdən "Qrad" ("BM-21") reaktiv yaylım atəş sistemlərindən, iriçaplı digər silahlardan Tərtər rayonunun hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, dinc əhalinin sıx yaşadığı yerlərinə açılmış çoxsaylı atəşlərin mərmilərindən birinin Tərtər Rayon Prokurorluğunun inzibati binasının qarşısında avtomobil yolunun üzərinə düşüb partlaması nəticəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktlarına görə başlanmış cinayət işləri üzrə yaradılmış istintaq qruplarının üzvü, Sumqayıt Şəhər Prokurorluğunun Tərtər Rayon Prokurorluğuna ezam olunmuş böyük müstəntiqi Ozal Mübariz oğlu Həsənova sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilib.
Daha sonra çıxış edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev elan edib ki, 1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçikçaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına aid, 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.
2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində "İsgəndər-M" əməliyyat-taktiki təyinatlı ballistik raketi, "Toçka-U" taktiki raket kompleksi, "9K33 OSA" özü yeriyən zenit raket kompleksi, "S-8" idarə olunmaz təyyarə raketi, "Smerç", "TOS-1A Solntsepyok" sistemləri, "İqla-S" zenit-raket kompleksləri, tank əleyhinə idarə olunan "Konkurs" və "Kornet" raketləri, "RPQ-26" qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular qanunsuz əldə edilərək Rusiya Federasiyasından gizli üsullarla Ermənistan Respublikasına, oradan isə Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirməklə Azərbaycana qarşı təcavüzkar müharibədə istifadə edilib.
Eyni zamanda, təcavüzkar müharibə nəticəsində mülki infrastruktura Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 5.2 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələr üzrə Azərbaycan Respublikasına ümumilikdə 100 milyard manatdan artıq maddi ziyan vurulub.
Yekunda Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxslər Arkadi Arşaviri Qukasyan, Bako Saaki Sahakyan, Arayik Vladimiri Arutyunyan, Davit Rubeni İşxanyan, Davit Klimi Babayan, Lyova Henrixi Mnatsakanyan, Davit Azati Manukyan, Madat Arakeli Babayan, Melikset Vladimiri Paşayan, Qarik Qriqori Martirosyan, Levon Romiki Balayan, Qurqen Homerosi Stepanyan, Vasili İvani Beqlaryan, Erik Roberti Qazaryan və Davit Nelsoni Allahverdiyanın ittiham olunduqları Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.
Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.
Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxslər Arayik Arutyunyana və Arkadi Qukasyana qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad edilən əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduğu hüquqları izah edib, habelə özlərini təqsirli bilib-bilməmələrinə dair suallar ünvanlayıb.
Arayik Arutyunyan və Arkadi Qukasyan məhkəməyə müraciət edərək müdafiəçiləri ilə konfidensial görüş keçirmək istədiklərini, bundan sonra suallara cavab verəcəklərini bildiriblər.
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin olunub.
Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyəti, onlara istinad edilən əməllərin hüquqi tövsifi və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzaların izah olunması, irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilib-bilməmələrinə dair sualların aydınlaşdırılması ilə davam etdiriləcək.
Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryan barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdiriləcək.
Oxu.Az xəbər verir ki, ötən məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi qeyd olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

