Bakıda hoteldə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Məhkəmənin hökmü ilə Seymur Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
* "Söyərəm də, o tərəfə də keçərəm" - Hoteldə QƏTL
Qeyd edək ki, hadisə 2026-cı il yanvarın 25-də paytaxtda yerləşən məşhur hotellərdən birində baş verib.
Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyevin camaşırxanada bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla hadisənin hotelin digər ofisiantı, 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Seymur Manafov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və ona ittiham irəli sürülüb.
Elgün Həsənli