Bakıdakı məşhur hotellərdən birində ofisiant kimi çalışan iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun məhkəməsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunub.
Məhkəmə mayın 21-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə yanvarın 25-də saat 19 radələrində baş verib.
Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Araşdırmalarla qətlin hotelin digər ofisiantı - 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Seymur Manafova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli