Bakıda "İdrak" liseyində müəlliməni güllələyən yeniyetmənin cinayət işinin məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda vəkillər vəsatət qaldıraraq müvəkkilinin ev dustaqlığına buraxılması və prosesin qapalı keçirilməsini istəyiblər.
Qarşı tərəf vəsatətlərə etiraz etməsə də, hakimlər onları təmin etməyiblər.
Növbəti iclas iyulun 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
Elgün Həsənli