"İdrak" liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.
Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb.
Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq açıqlama veriblər. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi:
"Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. Üç övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib. Hamımız şokdayıq. İndi də hər şey məhkəmə araşdırmasının nəticəsindən asılıdır".
Samir Şirinov cinayət işinin istintaqı çərçivəsində özünün də ifadə verdiyini təsdiqləyib: "Bəli, mən də prokurorluqda dindirilmişəm. Hazırda hadisədə istifadə olunan silahın necə saxlanılması və digər hallarla bağlı araşdırmalar davam edir. Görək necə olacaq".
Yeniyetmənin anası Z.Şirinova həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib, sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib.
"İdrak" liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.
Oxu Az-ın məlumatına görə, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.
Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəmədə iştirak ediblər. Qanuni nümayəndə qismində şagirdin anası Zemfira Şirinova tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Vüqar Quliyev həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib.
Vəkil iştirak etmədiyindən iclas iyunun 17-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən "İdrak" liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gedərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
Onu da qeyd edək ki, şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Elgün Həsənli