"Azərbaycanda qadınlar xroniki miyeloid leykozdan (XML) daha çox əziyyət çəkirlər".
Oxu.Az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədovun "Azərbaycanda xroniki miyeloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" adlı tədqiqatını təqdim edərkən deyib.
O bildirib ki, beynəlxalq epidemioloji məlumatlarda XML-in kişilər arasında daha çox müşahidə olunduğu göstərilsə də, Azərbaycan kohortunda qadınlar 54%, kişilər isə 46% təşkil edir:
"Bu xüsusiyyət bizi cins amilinin yalnız xəstəliyin rastgəlmə tezliyində deyil, onun klinik gedişində, molekulyar xüsusiyyətlərində və proqnozunda da mümkün rolunu araşdırmağa istiqamətləndirdi.
Xəstələrin yaş üzrə paylanmasında ən yüksək göstərici 50-59 yaş qrupunda müşahidə edilib. Xəstələrin 72%-i isə 30-69 yaş intervalına aid olunub.
Bu göstəricilər xəstəliyin yalnız tibbi deyil, sosial və iqtisadi əhəmiyyətini də ortaya qoyur. Çünki xəstələrimizin böyük bir hissəsi əmək qabiliyyət olan, ailə və cəmiyyət qarşısında aktiv sosial funksiyaları olan insanlardır".