Ötən gün Bakının Suraxanı rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib.
Bu zaman tərəflər arasında mübahisə yaranıb və biri digərinə çox sayda bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.
Qətlə yetirilən 45 yaşlı Xaliq Bağırov telefon və internet xətlərinin çəkilişi ilə məşğul olub.
Mərhumun həyat yoldaşı Günel Bağırovanın bildirdiyinə görə, əri hadisə günü qonşulardan birinin çağırışı ilə internet kabeli çəkməyə gedib. Mübahisə isə nə Xaliq Bağırovun, nə də qətli törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin evində baş verib. Qarşıdurma internet xətti çəkilən üçüncü qonşunun mənzilində yaşanıb. Verilən məlumata görə, kabelin çəkilməsi zamanı tərəflər arasında mübahisə yaranıb. Qarşıdurma Xaliq Bağırovun öldürülməsi ilə nəticələnib.
İki övladı olan Xaliq Bağırovun yaxınları hadisənin yalnız internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını bildirirlər. Ailə qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edir.
Hadisə ilə bağlı Ceyhun adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir. Qətlin dəqiq motivi, başvermə şəraiti, saxlanılan şəxsin hadisədəki rolu və ailənin irəli sürdüyü iddialar istintaqın yekununda müəyyənləşəcək.