Baş Prokurorluğun sorğusu əsasında Monteneqro məhkəməsi ekstradisiyaya razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Monteneqro Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Hidayət Nemət oğlu Süleymanovun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.
"Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanovun özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verməsi və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Hidayət Süleymanovun dələduzluq cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə, Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Monteneqro ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda Hidayət Süleymanovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür", - məlumatda bildirilib.