Azərbaycanlı “qanuni oğru”ların Rusiyadakı qanlı münaqişəsi davam edir.
Oxu.Az-ın Praym Kraym-a istinadən verdiyi məlumata görə, mayın 28-də Odessanın Qaqarin küçəsində içində gürcüstanlı azərbaycanlılar İlham Hacıyev və Oqtay Arxalının olduğu Gürcüstan dövlət nişanlı BMW atəşə tutulub.
İlham kürəyindən, Oqtay isə əlindən aldığı yüngül güllə yarası ilə canını qurtara bilib.
Yaralılar tibbi yardım üçün şəhər xəstəxanalarının birinə müraciət ediblər, lakin stasionar müalicədən imtina ediblər.
Onlar hadisə yerindən iki nəfərin qaçdığını gördüklərini, amma atəş edənləri tanımadıqlarını bildiriblər.
İlham və Oqtay “qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) ən yaxın adamlarıdır. İlham 2014-cü ilin mart ayında Sankt-Peterburqda Lotu Qulinin kriminal aləmdə ən qatı düşməni Albert Rıjiyə (Əli Heydərov) qarşı sui-qəsdin təşkilatçısı kimi tanınır.

Lotu Quli (Nadir Səlifov)
Bir tərəfdən də kriminal aləmin digər siması Rafiq Masallinski (Rafiq Eyvazov) Odessadakı atışmada əli olduğunu dilə gətirib. Masallinskinin yaxın çevrəsinə bu da məlumdur ki, o, Rövşən Lənkəranskinin məzarı üstündə Lotu Qulinin əmri ilə hərəkət edən qatilləri cəzalandıracağına and içib və Lotu Quliyə qarşı qanlı qisas davası açıb.

Rafiq Masallinski (Rafiq Eyvazov)
Lakin nə İlham, nə də Oqtay bu ilin yanvar ayında baş tutan Rafiqə qarşı hesablaşmada şəxsən iştirak etməyib. Sonuncu insidentin Albert Rıjiyın silahlıları tərəfindən törədildiyi istisna edilmir.

Albert Rıjiy (Əli Heydərov)
Z.Q.