Bu gün Azərbaycanda bəzi mətbu orqanlarda həbsxanada uşaq dünyaya gətirməsi ilə gündəmi zəbt etmiş məhkum Lamiyə Quliyevaya bəraət verilməsi ilə bağlı xəbərlər yayıldı.
Oxu.Az xəbər verir ki, həmin məlumatlarda Ali Məhkəmənin qərarı ilə Lamiyə Quliyevaya bəraət verildiyi bildirilir və elə təəssürat formalaşdırılırdı ki, həmin şəxs artıq azadlığa buraxılacaq.
Lakin bu əslində heç də belə deyil. Belə ki, 2003-cü ildə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində günahkar bilinərək 10 il həbs cəzası almış Lamiyə Quliyevanın azadlığa çıxacağı il – 2013-cü ildə onun barəsində Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə cinayət işi açılıb (cəzaçəkmə müəssisəsində rejim qaydalarının pozulması) və o, həmin maddə ilə daha 5 il 6 ay azadlıqdan məhrum edilib.
Həmin hadisədən qısa bir müddət sonra onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi açılıb.
İşi araşdıran Xətai rayon məhkəməsi bu maddə üzrə Lamiyəyə qarşı irəli sürülən ittihamı əsassız sayaraq, ona bəraət qazandırdı və cinayət işinə xitam verildi. Lakin prokurorluq bu hökmdən Bakı Apellyasiya Məhkəməsinə protest verib. Bakı Apellyasiya Məhkəməsi isə Xətai rayon məhkəməsinin qərarını ləğv edərək, Lamiyəyə daha 6 il 6 ay cəza təyin edib (yəni, əvvəlki 5 il 6 ay cəzanın üzərinə).
Lamiyənin vəkili bu hökmdən Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edib. Ali Məhkəmə isə 1 oktyabr 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Lamiyənin daha 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə qərarını ləğv edərək, ona bəraət qazandırıb.
Beləliklə, Lamiyəyə bəraət qazandırılması ilə bağlı xəbər heç də yeni olmayıb, 2014-cü ilin oktyabr ayına aiddir. Məhkum Lamiyə Quliyevanın daha 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə qərar ləğv olunsa da, 317-ci maddə üzrə təyin edilmiş 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası hələ də qüvvədədir.