Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Lotu Quli”nin adamlarının Bakıda şok əməlləri - İstintaq başladı
Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya edilən mütəşəkkil dəstənin üzvü barəsində bir neçə maddə ilə ittiham irəli sürülüb.
Demokrat.az-ın məlumatına görə, Elvin Əliqismət oğlu Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.
Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib.
O, bu günlərdə Rusiyada həbs olunaraq Azərbaycana gətirilib.
Cinayət işi üzrə ibtidai istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.
Bildirilir ki, Elvin Cəfərovun üzv olduğu mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxın adam olub.
“Lotu Quli” bu ilin avqustun 19-da Türkiyənin Antaliya şəhərində qətlə yetirilib.
Rəylər