Şəki Apellyasiya Məhkəməsində qayınatasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Eldəniz Yaralıyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.
Oxu.Az-ın məlumatına görə, hakim İmamverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib. Məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İttihama görə, Qəbələ rayon sakini, Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə növbəsinin manqa komandiri Eldəniz Yaralıyevin həyat yoldaşı acıq edərək atası evinə gedib.
2024-cü il avqustun 1-də Eldəniz Yaralıyev spirtli içki qəbul edərək Qəbələ rayonunun Bilic kəndinə, qayınatasının yaşadığı ünvana gedib. Evdə heç kim olmadığından o, həyətdə gizlənərək qayınatasının evə gəlməsini gözləyib. Axşam saatlarında qayınatası Rafiq Qubatov qızı, nəvələri və həyat yoldaşı ilə evinə gələrkən E.Yaralıyev qəfil gizləndiyi yerdən çıxaraq qayınatasına hücum edib və onu xüsusi amansızlıqla qətlə yetirib. E.Yaralıyev qayınatasına 12 bıçaq zərbəsi vurub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Yaralıyev 17 il azadlıqdan məhrum edilib.
Aqil Vəlili