Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyevin CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il noyabrın 16-da Nizami rayonu, H.Əliyev prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya basqın etməklə, ona qarşı zor tətbiq ediblər və nəticədə içərisində 30 manat və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıb hadisə yerindən uzaqlaşıblar. Zərərçəkən həmin axşam inzibati əraziyə nəzarət edən Nizami RPİ 23-cü polis bölməsinə müraciət edib.
Səhərisi gün bölmə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsləri yaxalayaraq, istintaqa təqdim ediblər.
Məhkəmənin hökmü ilə N.Məmmədov 6 il 6 ay, R.İsayev 6 il və V.Həmzəyev 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
C.H.
www.oxu.az