Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələrdə iştirak edən, onları hərbi texnika, partlayıcı maddə ilə təchiz edən, terrorçuluq fəaliyyəti ilə məşğul olan beş nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, saxlanılan beş nəfər - Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu Azərbaycan Respublikası vətəndaşlarıdır.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanıb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Saxlanılan şəxs məhkəmənin 25 avqust 2015-ci il tarixli hökmü ilə 13 il müddətində azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər barəsində istintaq isə davam edir.
MTN saxlanılan şəxsləri 2013-2015-ci illərdə Suriya və İraqda terrorçu İŞİD qruplaşmasının fəaliyyətində iştirak etməkdə ittiham edir.
Onu da qeyd edək ki, yuxarıda göstərilən cinayətlərin törədilməsinə görə bu şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyə bilər.