Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müavini məhkəmədə Cahangir Hacıyevi ittiham etdi: O göstəriş verib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində C.Hacıyevin müavini və bankın Kreditorlar Komitəsinin sədri olmuş Emin Mustafayev ifadə verib.
O, qaytarılmayan böyük kreditlərə, veksel əməliyyatlarına görə Cahangir Hacıyevi ittiham edib. E.Mustafayevin sözlərinə görə, bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyev rəhbərlik edirdi:
“Birinci günlər Komitənin iclasları keçirilirdi. Orada veksel əməliyyatları müzakirə olunmurdu. Amma qərar verilirdi ki, veksel əməliyyatları reallaşdırılsın. Bu əməliyyatları, əsasən, bankın törəmə qurumu olan Moskva filialı həyata keçirirdi. Bakıdan - baş ofisdən vəsait Moskvaya göndərilirdi, orada da şirkətlərə ödənilirdi.
Uzun müddət bankda durum yaxşı deyildi, maliyyə çatışmazlığı vardı. Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı. Buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin”.
Onun sözlərinə görə, hazırda məhkəmədə araşdırması aparılan şirkətlərə kreditlər C.Hacıyevin göstərişilə verilib:
“Demişdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın”.
E.Mustafayev xatırladıb ki, bankın Müşahidə Şurası 2009-cu ildə bir qərar vermişdi:
“Qərara görə, 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Müşahidə Şurasının razılığı olmalı idi. Amma bir çox hallarda Müşahidə Şurasına həmin kreditlər haqda məlumat verilməyib”.
Vəkillər E.Mustafayevdən soruşub ki, C.Hacıyevin qanunsuz göstərişlərini görürdüsə, bəs niyə ona əməl etmək əvəzinə, vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyib, illər ərzində onun vəzifədən çıxmasını gözləyib? E.Mustafayev belə cavab verib:
“Birbaşa İdarə Heyətinin sədrinə tabe olduğuma görə onun göstərişlərindən kənara çıxa bilmirdim. Amma özünə bildirirdim. Sonradan mən İdarə Heyətinin sədri vəzifəsini icra edəndə hüquq-mühafizə orqanlarına məlumat verdim”.
Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb.
İstintaqla C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il, İ.Hidayətzadə isə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını beş ilə endirib.
Rəylər