Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızının övlad dünyaya gətirməsi barədə yayılan xəbərlərə münasibət bildirilib.
Oxu.Az-ın məlumatına görə, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov APA-ya açıqlamasında adıçəkilən məhkumun şəxsi istəyi ilə övlad dünyaya gətirdiyini deyib:
“Ona qarşı hər hansı zorakılıq faktı qeydə alınmadığı, cəzaçəkən şəxs özü ilə bağlı məlumatların ictimailəşməsini istəmədiyi və nəhayət Azərbaycan qadını olduğu nəzərə alınaraq Lamiyə Quliyevanın şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşıldığı üçün bu məsələ Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən qabardılmayıb.
Təəssüf ki, vətəndaş cəmiyyəti təşkilatları içərisində səmərəsiz fəaliyyəti ilə seçilən, ictimaiyyətə heç bir töhfə verməyən və yalnız görülən işlərə ikrah hissi ilə yanaşaraq ictimai fikri özünə cəlb etməyə çalışan bir sıra QHT rəhbərləri və KİV nümayəndələri məhkum Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi xəbərindən şou yaratmağa cəhd edirlər.
Məhkum hamilə olduğu müəyyən edildiyi vaxtdan Tibb Baş İdarəsi tərəfindən həkim nəzarətinə götürülüb, onun zəruri tibbi qayğı ilə əhatə olunması təmin olunub. Lamiyə Quliyeva ötən il oktyabrın 16-da Bakı şəhəri 2 saylı Doğum Evində oğlan uşağı dünyaya gətirib. Cəza çəkdiyi müddətdə ana olmuş digər məhkumlar kimi Lamiyə Quliyevaya də xəstəxanadan çıxdıqdan sonra qanunun tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisəsindəki uşaqlı analar üçün nəzərdə tutulmuş yataqxanada xüsusi şərait yaradılıb.
Onun dünyaya gətirdiyi uşağın atasının kimliyinə gəlincə, bununla bağlı araşdırma aparılır. Məhkum həbsdə olduğu müddətdə istər 4 saylı cəzaçəkmə müəssisəsində, istərsə də İstintaq təcridxanasında, məhkəmədə və müalicə müəssisəsində dəfələrlə qohumları, yaxınları və dostları ilə görüşüb, həmçinin qısa və uzun müddətli görüşlərdə olub. Məsələ ilə bağlı hazırda tibbi ekspertiza tədbirləri həyata keçirilir”.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib.
Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.