Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qaçan məhbuslara görə vəzifəli şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qatar Biləcəri stansiyasında dayananda qaçıb. Onlardan biri narkotik vasitələrin satışı, digəri isə adam öldürmədə günahlandırılır. Bəs bu kimi hal baş verərsə, həbsdən qaçan və onlara cavabdeh olan penitensiar şəxsləri hansı cəza gözləyir?
Oxu.Az xəbər verir ki, Qafqazinfo bu suala cavab tapmaq üçün vəkil Xəyal Bəşirovla əlaqə saxlayıb.
Vəkil bildirib ki, qrup halında və planlı halda həbsdən qaçan şəxslərə məhkum olunduqları cəzadan əlavə 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası veriləcək: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, azadlıqdan məhrumetmə və yaxud həbs yerindən qaçma hallarına görə onları əlavə həbs müddəti gözləyir. Bu müddət tək insan üçün 2 il, iki və daha artıq məhbus qaçarsa, 2 ildən 6 ilədək nəzərdə tutulub. Əvvəlki cəzaları öz yerində, ancaq qaçan məhbuslar yaxalandıqdan sonra yeni bir maddə ilə cinayət işi başlayacaq və əlavə olaraq 2-6 il müddətində cəza veriləcək.
O ki qaldı Penitensiar Xidmətin əməkdaşlarına, onlar da bu işdə məsuliyyət daşıyır. Araşdırma aparılacaq və vəzifəli şəxsin işə vicdansız və yaxud laqeyd yanaşması, dövlətin, cəmiyyətin qanunla qorunan mənafelərinə zərər yetirdiyinə görə 1500 manatdan 3 min manata kimi cərimə, 2 ilədək ictimai işlər, ən ağır cəza kimi isə 6 ayadək azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Xatırladaq ki, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
A.M.
Rəylər