Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynovanın (1975-сi il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.9-cü (aşkar sürətdə köməksiz vəziyyətdə qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 10-da Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə qalan Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini Elnarə Nəcəfova (1994-cü il təv.) ilə evin həyətində mübahisə edib. Qəflətən yerdən götürdüyü daş parçası ilə Hüseynova Nəcəfovanın baş nahiyəsinə bir neçə zərbə vurub.
Ağır dərəcəli kəllə-beyin travması alan gəlin hadisə yerində keçinib. Bundan sonra əsəblərini cilovlaya bilməyən qadın evə daxil olaraq çarpayıda uzanan 6 aylıq nəvəsi Emilyanı boğaraq xüsusi amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular 102 xidmətinə məlumat verdikdən sonra, hadisə yerinə Suraxanı RPİ 30-cu polis bölməsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunublar.
İş üzrə araşdırma aparılarkən Şərqiyyə Hüseynovanın əslən gürcüstanlı olması, oğlu, gəlini və nəvəsi ilə birgə yaşaması məlum olub. İlkin dindirmə zamanı o, Gürcüstana köçmək istədiyini, lakin gəlinin qapını bağlayaraq, onu evdən çölə buraxmamasını bildirib. Həmin gündə, neçə vaxtdır ki, davam edən bu söz-söhbət cinayətin törədilməsinə səbəb olub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli hesab edib və əməlindən peşman olduğunu göstərib.
Məhkəmənin hökmü ilə Ş.Hüseynova 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az