Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayon sakini Qüdrət Kərimovun (1976-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, gəzdirmə və saxlama) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, cinayət işinin başlanmasına 2016-cı il fevralın 2-də Abşeron RPİ-nə Saray qəsəbəsində yaşayan Kamran Babayevın (1982-ci il təv.) naməlum şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasınaya çatdırılması ilə bağlı daxil olan məlumat əsas olub. Həmin gün həkimlərin müdaxiləsinə baxmayaraq K.Babayev keçinib.
Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Kamran Babayevin ölümünə - odlu silah yaralanmasından sonra kəskin qanitirmə səbəb olub.
Həmin gün cinayəti törədən Qüdrət Kərimov polis idarəsinə gəlib, təslim olub və istifadə etdiyi “Makarov” markalı tapançanı növbətçi hissəyə təqdim edib.
İstintaqla müəyyən edilib ki, fevralın 1-i, axşam saat 21:00 radələrində sərxoş vəziyyətdə olan Kamran Qüdrətin ünvanına işlətdiyi nalayiq sözlərlə onu təhqir edib. Buna görə aralarında mübahisə düşüb. Baş vermiş hadisəni yaşadığı məhəllədə onun nüfuzuna xələl gətirməsi və ləyaqətinin alçaldılması kimi qəbul edən Kərimov Babayevi öldürmək qərarına gəlib və mərhum atasından qalmış, uzun müddət ərzində yaşadığı evdə saxladığı tapançadan istifadə etməyi planlaşdırıb. Ayın 2-si, səhər saat 10:00 radələrində Qüdrət Kamranın M.Hüseynzadə küçəsində yerləşən evinin qarşısına gəlib və özünə məxsus “VAZ 2108” markalı avtomobildə əyləşmiş qonşusuna ardıcıl atəş açmaqla, qətlə yetirib.
Təqsirləndirilən şəxs qismində dindirlmiş Qüdrət Kərimov bildirib ki, Kamran Babayev onun qonşusu olub, əvvəllər aralarında ədavət olmayıb. Kamran da Qüdrət kimi göyərçin saxlayıb, onun iki il əvvəl uçub gedən quşu təsadüfən 3-4 ay əvvəl geri qayıdıb. Bunu bilən Kamran onun xalası nəvəsi Ceyhundan həmin quşu ona verməsini xahiş edib. Sonuncu əvvəlcə Babayevə göyərçini götürməyə icazə versə də, sonra Kərimovdan icazə almasını deyib. Buna görə Kamran ondan narazı qalıb.
Fevralın 1-i, saat 12:00 radələrində yaşadığı evin qarşısında Ceyhunun avtomobilində oturduqları vaxt Kamran sərxoş halda onlara yaxınlaşıb, maşının arxa oturacağında əyləşib. Kamran niyə onun arxasınca danışdığını soruşub və ünvanına söyüşlər söyüb. Maşından düşən kimi Babayev onun yaxasından tutub və alın nahiyəsinə zərbə endirib. Kamran yıxılarkən, yerdəki şüşə qırıqlarından müxtəlif xəsarətlər alıb. Qaşı qanadığı üçün dərhal evə gedib.
Qardaşı Emil və anası nə baş verdiyini soruşduqda, o, Babayevlə dalaşdığını deyib. Ailə üzvləri Kamranı sakitləşdirərək evə apararkən Kamranın arxasınca qışqırıb, sabah saat 11-də görüşəcəklərini bildirib. Kərimov sakitləşə bilməyib, səhər qonşusu ilə söhbət edəcəyini, əgər ondan üzr istəməsə, Kamranı öldürəcəyini qət edib. Səhər saat 10:00 radələrində Babayevın evinə tərəf getdikdə, onun öz avtomobilində sükan arxasında oturduğunu görüb və yaxınlaşıb, qabaq sərnişin yerində əyləşib. Niyə onu vurduğunu soruşduqda, Babayev bir daha onu təhdid edərək mübahisəni başqa yerdə aydınlaşdıracağını deyib. Bu zaman Qüdrət bir qədər geri çəkilib, hazır vəziyyətə gətirdiyi tapançanı çıxarıb, iki dəfə Kamranın boyun və sinə nahiyələrinə atəş açıb. Babayev yerə yıxıldıqda, Kərimov növbəti gülləni onun kürəyinə vurub. Hadisə yerindən uzaqlaşıb. Ümumilikdə Kamrana beş əl atəş edilib. Özündə olmadığından kəndin içi ilə qaçaraq, tanımadığı istifadəsiz evə girib. Etdiyi əməl barədə düşündükdən sonra polisə təslim olmaq qərarına gəlib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkum hökmdən apellyasiya şikayəti verib.
Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq Kərimovun şikayətini qismən təmin edib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Məhkumun cəzası 13 ilə endirilib.