Türkiyənin xüsusi xidmət orqanları tərəfindən Ankarada həbs edilərək Azərbaycana təhvil verilən jurnalist Rauf Mirqədirovun həyat yoldaşı mayın 5-də yenidən Azərbaycanın Ankaradakı səfirliyinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Yeni Müsavat”a jurnalistin həyat yoldaşı Adilə Babaxanova özü verib.
A.Babaxanova bildirib ki, mayın 4-də səfirliyin əməkdaşları Ankarada yaşadıqları evdə axtarışlar aparıblar:
“Səfirliyin 11-ə yaxın əməkdaşı mənzildə axtarış apardılar. Mən onlara etiraz edəndə əllərində axtarışla bağlı qərarı göstərdilər. Vəkil tələb etdim. Mənə bildirdilər ki, səfirlik özü bizi vəkillə təmin edəcək. Axtarış zamanı bir sıra sənədlər, Raufun kompüteri, qızımın planşeti götürüldü. Raufun adı və imzası olan bütün sənədləri tapıb götürdülər. Daha sonra bizi səfirliyə apardılar”.
A.Babaxanova bildirdi ki, mayın 5-i səhər saatlarında Azərbaycanın Türkiyədəki səfirliyindən ona yenidən zəng vuraraq dərhal səfirliyə gəlmələri tələb olunub. O, bizimlə telefonla danışan zaman səfirliyə getdiyini bildirdi:
“Səhər saatlarında zəng vurub məni səfirliyə çağırdılar. Deyəsən, dünən götürülən sənədlərlə bağlı məni dindirəcəklər. Səfirlik məni vəkillə təmin etməlidir. Hazırda vəkilimin gəlməyini gözləyirəm. Çünki mayın 4-də səfirliyə gedən zaman məni orda 5 saat dindirdilər. Vəkilim olmadığı üçün dindirmə protokollarını imzalamaqdan imtina etmişdim”.
Xatırladaq ki, Ermənistanın xeyrinə casusluqda ittiham edilən “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov 19 apreldə Türkiyədən deportasiya edilib. Onu Bakı hava limanında həbs ediblər. Xanımı və iki uşağı Türkiyədə qalıb. Son üç ildə jurnalist ailəsi ilə bu ölkədə yaşayırdı.
Jurnalistin həyat yoldaşı dünən səfirliyin binasında 5 saata yaxın dindirilib. Onun vəkili olmayıb. Bütün bu müddətdə azyaşlı qızı onun yanında olub. Babaxanova ona vəkil verilməsini tələb edib.