Ermənilər tərəfindən Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun meyiti Azərbaycana gətirilib.
Oxu.Az xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski APA-ya açıqlamasında bildirib ki, E. Hüseynovun meyiti ötən axşam Bakıya, sonra isə Gəncəyə aparılıb.
E. Hüseynov bu gün Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.
Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.
Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlayıb. Bir nəfər barəsində isə axtarış verilib. T. Çiçakyan barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslərin və hadisə şahidlərinin dindirilməsi davam edir.
20 aprel
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı öldürülüb.
Azərbaycanın Yekaterinburqdakı diasporundan Oxu.Az-a bildiriblər ki, 1987-ci il təvəllüdlü Emin Hüseynov aprelin 18-də Yekaterinburqdakı kafelərdən birində ermənilər tərəfindən öldürülüb.
Şahidlərin sözlərinə görə, ermənilər 5-6 nəfər olublar və onlar kafeyə “hazırlıqlı” – kastet və dəyənəklə gəliblər.
Cinayətkarlar saxlanılıblar. Lakin indi yerli hüquq-mühafizə orqanları qətli milli zəmində baş vermiş hadisə deyil, məişət hadisəsi kimi rəsmiləşdirmək istəyirlər.
Mənbə bildirib ki, Emin Hüseynovun qətli Azərbaycan diasporunun Yekaterinburqdakı fəaliyyətinə görə bir qisasdır.
Belə ki, ermənilər qondarma “erməni soyqırımının” 100-illiyi ərəfəsində şəhərdə kütləvi yürüş keçirmək istəyiblər. Lakin bizim diasporanın fəaliyyəti və səyləri nəticəsində yerli rəhbərlik bu yürüşü qadağan edib.
Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu ermənilərin tədbirinin əhəmiyyətini azaltmaq zəruri addımları atıb.
Onu da qeyd edək ki, Report informasiya agentliyinin məlumatına görə, 28 yaşlı Emin Hüseynov keçmiş futbolçudur. Dayaq yarımmüdafiəçi olan Emin “Neftçi”, həmçinin “Karvan” və “Abşeron” kimi futbol klublarında oynayıb.
Futbolçu karyerasını bitirdikdən sonra Hüseynov Yekaterinburqda yaşayıb və işləyib.