Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qızım yuxuma girdi" - Öldürülərək Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kür çayına atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Baku TV-yə danışan mərhumun atası İlkin Ələkbərov bildirib ki, Seyidrəsul Talıbovun pis vərdişləri olub:
"Oğlan nəşə çəkirdi. Bunu öyrənəndən sonra - təxminən üç ay əvvəl qızımı evimizə gətirmişdim. Narkomanın nə əqidəsi var, nə Allahı, heç nəyi yoxdur. Narkoman arvadını da, qızını da satar. Oğlana dedim ki, uzaqlaş, bura gəlib-getmə. Valideynlərin gəlib söz verəndən sonra qızımı özüm aparacağam. Ancaq gəlib uşağı yoldan çıxardı. Qızım anasının sözünə baxmayıb, "gedirəm" deyib".
"Rəsul mənə zəng edib dedi ki, Nardaranda ev tutmuşam, Nuranə də yanımdadır. Nə vaxt istəsən, səninlə danışacaq. Balamın səsini sonuncu dəfə onda eşitdim. Bir gün gözlədim. Gecə Nuranəni yuxuda gördüm. Hamıya dedim ki, balama nəsə olub, çünki heç bir yerdən mənimlə əlaqə saxlamır", - mərhumun anası söyləyib.

Sabirabadda qətlə yetirilən 16 yaşlı Nuranə Ələkbərovanın anası yaşadığı ünvana qayıdıb.
Qonşuların Oxu.Az-a verdikləri məlumata görə, qadın hadisədən sonra psixoloji gərginlik keçirdiyi üçün qohumlarının evinə aparılıbmış. Ona müəyyən müddətə yardım göstəriləndən sonra yenidən evinə qaytarılıb. Hazırda qadın qeydiyyatda olduğu yox, yaşadığı ünvandadır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib ki, məlumat yoxlanılıb və qadın hazırda evindədir, itkin düşmə faktı yoxdur.
Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub.
Oxu.Az-ın məlumatına görə, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olsa da, hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur.
Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər.
Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb.
Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Aqil Vəlili