Saatlı rayon sakininin narkotik sataraq varlanmaq arzusu gözündə qalıb.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Saatlı polisi onun narkotik satışından pul qazanmaq planlarını alt-üst edib.
Saatlı rayonunun Qaranuru kənd sakini Sahibəli Rüstəmovun həyətyanı sahəsinə baxış keçirilərkən orada narkotik vasitənin becərildiyi müəyyənləşdirilib. “Xaş-xaş-2015” adı ilə keçirilən əməliyyat tədbirləri zamanı həmin narkotik vasitələrin 93 ədəd çətənə kolu olduğu aşkarlanıb.
Bu işlə birinci dəfədir məşğul olduğunu deyən Sahibəli Rüstəmov kollara 3 aydır ki, aqrotexniki qaydada qulluq etdiyini etiraf edib.
Məqsədi isə narkotik vasitə hesabına varlanmaq olub.
Sahibəli Rüstəmov deyib:
“Kasıb adamam, ailə də böyükdür. Fikirləşirdim ki, əkim, satım, özümə ev tikim. Peşmanam”.
Fakt üzrə Saatlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir .
E.Ə.
www.oxu.az