Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Füzuli rayon sakini Sabir Məhərrəmovun CM-nin 120.2.9-cu (aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, 2013-cü il oktyabrın 14-də Bülbülə qəsəbəsində yaşayan 69 yaşlı Vera Kərimovanın meyiti yaşadığı Deputat küçəsi, 17/29 saylı evdə Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları tərəfindən aşkar edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadının üzərində başın küt travması, sifətində və bədən nahiyəsində çoxsaylı sıyrıq və qançırlar aşkar edilib, ölümünə ağız və burun dəliklərinin əllə qapanması nəticəsində inkişaf etmiş mexaniki asfiksiya səbəb olub. Rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, ayın 18-də Yasamal rayon ərazisində əməliyyatçılar mərhumun evində kirayənişin yaşayan Sabir Məhərrəmovu şübhəli şəxs qismində saxlayıblar.
İstintaqla müəyyən edilib ki, Sabir Məhərrəmov ayın 14-ü axşam saat 23 radələrində kirayə haqqını və evin digər ehtiyaclarını ödəmədiyindən Vera Kərimova ilə aralarında baş vermiş mübahisə zəminində evdən qovulmasından qəzəblənib. Qadının yaşlı olduğunu, ona müqavimət göstərmək imkanına malik olmadığını dərk edərək, Məhərrəmov Kərimovaya yumruq və təpiklə zərbələr vurub, sonra isə onu boğaraq, qəsdən öldürüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Sabir Məhərrəmov ifadəsində, qadının evində 5-6 il olar ki ayda 50 manat ödəməklə kirayə yaşadığını göstərib. O bildirib ki, oktyabrın 12-də Kərimova ilə pul üstündə mübahisələri olub, bu səbəbdən o bəzi paltarlarını götürüb, çıxıb gedib. Ayın 14-də günorta Hövsan qəsəbəsində yerləşən bir evi təmir edib, təhvil verdiyi üçün ev sahibi ilə yeyib-içiblər, saat 17 radələrində ordan çıxaraq Bakıxanov qəsəbəsinə gələrək, tək çayxanada oturub. Ordan axşam saat 22 radələrində kirayə qaldığı evə gəlib, çöl tərəfdən olan kilidi açaraq həyətə, sonra isə içəri daxil olub. Qadın həmin vaxt televizora baxırmış, Sabir Veraya pulun olmadığını və oğlu Alikin yanına cəzaçəkmə müəssisəsinə gedə bilməyəcəyini deyib, çarpayıya uzanıb.
Təxminən 15-20 dəqiqə onlar sakit söhbət ediblər, lakin qəflətən Vera yenidən deyinməyə başlayıb və ayağa qalxıb, ona tərəf gəlib. Sabir isə söyüşlərindən əsəbiləşərək, çarpayıdan ayağa qalxıb və qadının sifətinə yumruqla bir neçə zərbə vurub, Kərimova yerə yıxıldıqda, daha bir neçə zərbə onun bədən nahiyəsinə endirib və dizləri üstə üzərinə oturaraq, əlləri ilə onu boğub.
Məhərrəmovun sözlərinə görə, onun məqsədi əsəbilərini sakitləşdirmək üçün Veranı döymək olub, içkili olduğuna görə qadına neçə zərbə vurduğunu xatırlaya bilməyib. Sonra zərərçəkənə yerdən qalxmağa kömək edib və Kərimova özü digər otağa, yatdığı çarpayıya tərəf addımlayıb, amma ora çatmayaraq üzü üstə döşəməyə yıxılıb. Sabir ona fikir vermədən paltarlarını götürüb və evdən çıxıb. Taksi ilə Yasamal rayonunda işlədiyi mənzilə gəlib, 4 gündən sonra polis əməkdaşları tərəfindən elə orda saxlanılıb.
İstintaqın gedişatında Məhərrəmov ilkin ifadəsini dəyişməyə cəhd göstərib. O bildirib ki, guya ayın 12-dən 18-nə kimi həmin evdə olmayıb, lakin qonşuluqda yaşayan şahidlərin ifadələrindən məlum olub ki, Sabir həmin axşam saat 23 radələrində mərhumun evindən çıxıb. Onun öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq materialları ilə təkzib olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabir Məhərrəmov 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi ilə əlaqədar apellyasiya şikayəti verib, lakin Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az