Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Fuad Rəcəbzadənin (1996-cı il təv.) CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, ötən il noyabrın 4-də Fuad Rəcəbzadə aralarında yaranan mübahisə nəticəsində tanışı Rafiq Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində səhərisi gün Rəcəbzadə tutulub və istintaqa təqdim edilib.
Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə son söz hüququndan istifadə edən Fuad Rəcəbzadə hakimlərdən cavanlığının nəzərə alınmasını xahiş edib:
“Hadisəni törətdiyim üçün peşmanam, amma sonrakı peşmançılıq bir fayda verməz. Bir cinayətdir törətmişəm, buraxın, evimə gedim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Rəcəbzadə 10 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin şikayətini təmin edib və qərara görə F.Rəcəbzadənin cəzası 8 ilə endirilib.
C.H.
www.oxu.az