Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl daşıyan azərbaycanlılar saxlanılıb.
Oxu.Az ensonhaber.com-a istinadən xəbər verir ki, İstanbul Qaçaqmalçılıqla mübarizə şöbəsi, Terrorla mübarizə şöbəsi, Narkotik vasitələrin satışına qarşı mübarizə şöbəsi və Tuzla rayon Ədliyyə İdarəsinin əməkdaşları beynəlxalq qızıl qaçaqmalçılığı ilə əlaqədar əməliyyat keçirib.
Alınan məlumatdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Tuzlada avtomobillərin yoxlamasını aparıblar. Azərbaycan nömrə nişanlı avtomobilin baqajından 33 kiloqram 576 qram çəkisi olan 33 külçə qızıl aşkar edilib. Sürücü 30 yaşlı A.R. və 32 yaşlı Y.Y. saxlanılıb.
Saxlanılan şəxslər Polis Bölməsinə gətirilərək dindirilib.
Onlar “Azərbaycanda zərgərliklə məşğul oluruq. Türkiyədə qızıl bahadır. Qızılları əridib satmaq istəyirdik” deyiblər.
İş məhkəməyə, saxlanılan şəxslər isə həbsxanaya göndəriliblər.