Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər sakininin “RT LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı MMC-nin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyət tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri qanunsuz olaraq təkrarən ayrı-ayrı şəxslərə satmaqla vətəndaşlara 855,0 min manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə vətəndaşlara vurulan ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.