Xətai rayonu, 8 Noyabr küçəsində baş verən qətl hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, 32 yaşlı Rəhim Qasımov dayısı, 60 yaşlı Firdovsi Həsənovun evinə gəlib. Bu zaman dayı ilə bacısı oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Qasımov kəsici alətlə dayısına xəsarət yetirib.
F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qonşuların sözlərinə görə, mərhum bacısı oğlunu çox istəyirmiş.
"Rəhim cinayətə görə həbsdə idi, bu yaxınlarda azadlığa çıxmışdı. Azadlığa çıxan kimi dayısını öldürdü. Mərhum TIR sürücüsü idi", - deyə qonşulardan biri bildirib.
Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rəhim Qasımov saxlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun qətlə yetirilməsində şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, ilkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Avqustun 19-da paytaxtın Xətai rayonu ərazisində bir nəfər qətlə yetirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs 1965-ci il təvəllüdlü Firdovsi Həsənovdur.
O, kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova