Alimlər ilk dəfə olaraq dünyadakı bütün göllərin sahil xətlərinin uzunluğunu və suyun həcmini hesablayıblar. Məlum olub ki, göllərin suyu Yer kürəsinin quru hissəsinin üzərini 1,3 metr hündürlüyündə maye ilə örtməyə kifayət edir.
Oxu.Az bu barədə AZƏRTAC -a istinadla xəbər verir.
“Nature Communications” jurnalının məlumatına görə, bununla bağlı tədqiqat Kanadanın Makgill Universitetinin alimi Bernard Lenerin başçılıq etdiyi alimlər qrupu tərəfindən aparılıb.
Böyük və məşhur göllər kifayət qədər tədqiq edilsə də, kiçik göllərin əksəriyyəti demək olar ki, öyrənilməyib. Lener və həmkarları son illər peyk xəritələrindən və zondlardan alınmış məlumatlardan istifadə etməklə bu boşluğu doldurmaq qərarına gəliblər. Beləliklə, alimlər sahəsi minimum 10 hektar olan 1,4 milyona yaxın gölün dəqiq su tutumunu hesablamağa nail olublar. Hesablamalar göstərib ki, bu göllərdə 180 min kubkilometr həcmində su var. Onların sahil xətlərinin uzunluğu 7 milyon kilometrə çatır ki, bu da Günəşin diametrindən beş dəfə çoxdur.
Dünya göllərindəki suyun təxminən 85 faizi onlarla böyük gölün payına düşür. Mövcud stereotiplərin əksinə olaraq, “göllər ölkəsi” Finlandiya yox, ərazisində 900 minə yaxın kiçik və böyük göl olan Kanadadır.
A.S.
www.oxu.az