Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub.
Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin “saxla” işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə “görmədim, tanımadım” deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir. Videodan belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin “saxla” işarəsinə əməl etməyərək hərəkəti davam etdirib.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov Sabirabad rayonu ərazisində xidmət aparır: “Sosial şəbəkələrdə yayılan həmin video ekspertizadan keçiriləcək. Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək”.
A.M.