"Addım Gənclər Təşkilatı" Azərbaycanda daha bir ilkə imza atıb.
Oxu.Az xəbər verir ki, təşkilat bugünlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Fransa Səfirliyinin dəstəyi ilə "EkoLogika" adlı gənclərin ekoloji mövzuda maarifləndirilməsi layihəsinə start verib. Təşkilatın sədr müavini Aynur Salmanovanın verdiyi məlumata görə, layihə çərçivəsində paytaxt Bakı və regionlarda xarici və yerli təlimçilərin iştirakı ilə təlimlər, müxtəlif sosial aksiyalar, video nümayişlər və s. nəzərdə tutulub.
Sosial şəbəkələrdə digər diqqət çəkən məqam isə layihənin dünən gecə saatlarında paylaşılan tanıtım videosu olub. Belə ki, layihəni ərsəyə gətirən "Addım"çılar Azərbaycanda ilk dəfə olaraq kağız animasiyası (paper animation) janrından istifadə ediblər. Videonun rejissoru Cavanşir Eladisoy, montaj rejissoru Emin Muradov, ssenari müəllifi Kamran Cavadzadə, rəssam Hüseyn Bağırov, Nərmin Hüseynova , korrektoru Emil İbrahimov olub. Videoçarxı Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Selcan Müseyibova səsləndirib.
Aytən Sadıqzadə