Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovun internetdə yeni videosu yayılıb.
Oxu.Az axar.az-a istinadən xəbər verir ki, video bir Türkiyə vətəndaşı tərəfindən yayılıb.
Görüntülərdə Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınan İbad Hüseynov karate idman növündə istifadə olunan nunçaki (zəncirlə bir-birinə bitişik dəmir döyüş aləti) oynadır.
Nunçakinin ən mahir istifadəçisi kimi Brüs Li məşhurdur. Lakin videodan görünür ki, İbad bəy heç də məşhur aktyordan geri qalmır. Videoda o da xatırlanır ki, İbad Hüseynov Sibirdə yaşayarkən bir dəfə kafedə ona hücum çəkən 60 nəfər əli bıçaqlı rusu bu aləti işlətməklə pərən-pərən salıb.
Xatırladaq ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində amansız terrorçu, Ermənistanın milli qəhrəmanı Monte Melkonyanı Xocavənddə öldürməsi ilə məşhurdur. Haqqında 2010-cu ildə “Əsgər” sənədli filmi çəkilib.