“Azərbaycan maraqlı tədbirlər keçirir və ziyarət üçün bir sıra cəlbedici yeri var.”
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Forbes” nəşrində dərc edilmiş məqalədə deyilir.
“Şərq ilə Qərb görüşür. Tarix boyu çox yerlər iddia edirdi ki, məhz onlar bu mühüm mübadilənin məkanıdır. Onların çox az hissəsi Azərbaycan və onun paytaxtı Bakı qədər üstünlüklərə malikdirlər”, - müəllif yazır.
Nəşr xatırladır ki, Bakıda 2012-ci ildə populyar “Eurovision” müsabiqəsi, 2015-ci ildə Avropa Olimpiya Komitəsinin dəstəyi ilə Avropa Oyunları, cari ildə isə İslam Həmrəylik Oyunları üçün Yaxın Şərq, Asiya və Afrikanın 56 ölkəsindən atlet toplayıb. Bununla yanaşı, Formula-1, Moda Həftəsi və Novruz Festivalı kimi tədbirlər Bakıya iki milyona qədər turist cəlb edir.
Yeni yaradılmış Milli Turizm Bürosunun direktoru Fuad Nağıyev nəşrə müsahibəsində vurğulayıb ki, Azərbaycan 90-dan çox ölkə üçün viza rejimini sadələşdirib: “İndi ərizə verərək üç saat ərzində onlayn viza ala bilərsiniz.”
“Bakı və Formula-1 ideal cütlük olub”, - məqalənin müəllifi bunu xüsusi vurğulayaraq əlavə edib ki, Bakıda Formula-1 yürüşü çərçivəsində 378 km/saat sürət rekordu qoyulub.
E.Ə.
www.oxu.az