Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nişanlısı ilə eyni taleyi yaşayan Ayselin faciəsi – TƏFƏRRÜATLAR + FOTO
Dünən günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində baş vermiş zəncirvari qəzada 32 yaşlı Aysel Quliyeva vəfat edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Hyundai Accent” markalı 10 NA 556 dövlət nömrə nişanlı avtomobillə gedərkən əks istiqamətdən gələn avtomobilin ona çırpılması nəticəsində vəfat edən 1985-ci il təvəllüdlü Quliyeva Aysel Ruslan qızı biologiya müəllimi olub.
Bakıdakı məcburi köçkün məktəblərindən birində müəllimlik etməklə yanaşı, həm də dərs hissə müdiri olan A.Quliyeva həmin gün işdən çıxıb evə gedirmiş.
Avtomobilinin benzini az olduğundan o, yanacaqdoldurma məntəqəsinə getmək qərarına gəlib və buna görə, yolunu Heydər Əliyev prospektindən salıb.
Bu zaman Ağamirzə Heybətovun idarə etdiyi “Toyota” markalı, 99 RL 220 nömrəli avtomobil yolun əks istiqamətinə keçib və A.Quliyevin sürdüyü “Hyundai” ilə 23 yaşlı Şəhriyar Ələsgərovun sürdüyü “Wolksfagen Passat” markalı, 90 CJ 620 nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 32 yaşlı Aysel xəstəxanada vəfat edib. Ş.Ələsgərov ilə sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu arada məlum olub ki, Aysel Quliyeva bir neçə il əvvəl nişanlı olub və onun sevgilisi yol qəzasında vəfat edib. Həmin vaxtdan sonra gənc qadın ona gələn evlilik təkliflərini rədd edirmiş.
S.B.
www.oxu.az