Bakıda avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Avtomobil Federasiyasnın (AAF) təşkilatçılığı ilə keçirilən tədbirdə 1980-cı ilədək istehsal olunmuş 150-dək çox klassik avtomobil iştirak edib.
Bu həm yürüş qeydiyyatından keçən şəxsi avtomobillər, həm də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri olub.
Yürüşdə iştirak edən ən qədim avtomobil 1937-ci il istehsalı olan “Opel Olimp” olub. Müxtəlif illərin istehsalı olan ayrı-ayrı markalı avtomobillər Bakı küçələrində əsl nostaljı hisslər yaradaraq yürüş ediblər.
Avtoyürüş bu marşrut üzrə həyata keçirilib: Heydər Əliyev Mərkəzi-Koroğlu Rəhimov küç.-Fətəli xan Xoyski küç.-Vagif prospekti -Səməd Vurğun küç.- Ənvər Qası0mzadə küç.-Abbasqulu Ağa Bakıxanov küç.- İnşaatçılar prospekti-Akademik Lev Landau küç- Teymur Elçin küç- Mixail Lermontov küç-Niyazi küç-Azneft meydanı-Neftçilət prospekti -Yusif Səfərov küç-Heydər Əliyev prospekti- Heydər Əliyev Mərkəzi.
Sonda avtomobillər Mərkəzin parkında sərgilənib.
Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, Birinci beynəlxalq çərpələng festivalı və konsert təşkil olunub.
Çərpələng festivalında 7 ölkə - Azərbaycan, Finlandiya, Litva, Latviya, Ukrayna, Danimarka və Monqolustandan ümumilikdə 10 rəssamı iştirak edib. Rəssamların üzərinə müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng "küləklər şəhəri" Bakının səmasını bəzəyib və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edib. Festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçurublar.
Parallel olaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.
"Sevimli bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacalar şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar ilə vaxt keçiriblər.
"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə hazırlanan oyuncaq zonasında futbol, basketbol və diqər oyun meydançaları qurulub. Burada uşaqlar həmçinin masaüstü oyunlar oynayıblar.
Balacalar üçün sehrbazın fokus və illüziyalardan ibarət müxtəlif şoular təqdim edib.
Uşaqlar Mərkəzin parkında həmçinin müxtəlif nağıl personajları ilə şənlənib, üzlərini arzu etdikləri rəsmlərə boyatdırıb, karikaturalarını çəkdiriblər.
Azyaşlılar üçün bu əyləncə növləri ilə yanaşı "Azəri inciləri" qrupu və balaca ifaçı Nuray Rəhmanovanın konserti keçirilib.
Əyləncə proqramında Bakının müxtəlif uşaq evlərində məşkunlaşan valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak edib. Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilən uşaqlar fərqli əyləncələrdə asüdə vaxtlarını keçirib, birlikdə rəqs ediblər.
Günün sonunda H.Əliyev Mərkəzin parkında əməkdar artist Röya Ayxan və Miri Yusifin konserti keçirilib. Konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim ediblər.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi həftəsonları müxtəlif əyləncə və konsert proqramları təşkil edir.
İsmayıl Fətəliyev
Foto: Ehtiram Cəbi