Ağciyərlərin bərpa səviyyəsi insanın tütün məmulatlarından istifadə müddətindən və ümumi sağlamlıq vəziyyətindən asılıdır.
Oxu.Az xəbər verir ki, bunu "Bud Zdorov" klinikasının həkim-pulmonoloqu Larisa Afanasyeva Gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ağciyərlərin tam bərpası bir neçə aydan bir neçə ilədək davam edə bilər.
Həkimin sözlərinə görə, siqareti tərgitdikdən 1-2 il sonra ürək-damar xəstəlikləri riski əhəmiyyətli dərəcədə azalır. 10 il sonra isə ağciyər xərçənginə tutulma riski heç vaxt siqaret çəkməyən insanlarla müqayisədə xeyli aşağı düşür. Bununla belə, zərərli vərdişdən imtina edildikdən ilk dəqiqələrdən etibarən orqanizmdə müsbət dəyişikliklər başlayır.
Siqaret çəkmək orqanizmdə dəm qazı kimi toksik maddələrin miqdarını artırır. Siqaretdən bir neçə saat sonra orqanizm toksinlərdən təmizlənməyə başlayır və təxminən 12 saat ərzində qandakı dəm qazının səviyyəsi azalır. Bu da qanda oksigenin səviyyəsinin yüksəlməsinə kömək edir.
Mütəxəssis qeyd edib ki, tütündən istifadə zamanı əsas vəzifəsi toz, selik və yad hissəcikləri xaric etmək olan bronxların kirpikli epiteli zədələnir. Təxminən 6-9 ay ərzində selikli qişadakı bu kirpikciklər bərpa olunaraq ağciyərlərin özünü təmizləmə qabiliyyətini yaxşılaşdıra bilər. Bu isə tənəffüs yollarında infeksiya riskinin azalmasına kömək edir.
"3.5 ildən sonra iltihabi proseslər zəifləyir, kirpikli epitelin funksiyası normallaşır və selik ifrazı azalır. Həmçinin ağciyərlərin funksional göstəriciləri yaxşılaşır, tənəffüs asanlaşır və təngnəfəslik azalır. Həddindən artıq selik ifraz edən qədəhəbənzər hüceyrələrin sayı azalır və infeksiyalara yoluxma riski aşağı düşür. 10 il və daha çox müddət keçdikdən sonra xroniki obstruktiv ağciyər xəstəliyi və ağciyər xərçəngi riski də əhəmiyyətli dərəcədə azalır", - deyə pulmonoloq əlavə edib.
İnsan tütünsüz nə qədər çox yaşayarsa, orqanizmdəki müsbət dəyişikliklər bir o qədər nəzərəçarpan olur. Dəyişikliklər ləng getsə belə, siqaretdən imtina və tütün asılılığının müalicəsi sağlamlıq üçün faydalıdır.
Bununla belə, bəzi fəsadlar geri dönməz ola bilər. Məsələn, zədələnmiş alveolların yenidən formalaşması mümkün deyil və amfizemlə bağlı dəyişikliklər tamamilə aradan qalxmaya bilər.