Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub.
Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus “KamAZ” markalı nəqliyyat vasitəsinə vurub.
Nəticədə A.Novruzov və sərnişinlərindən - Bakı şəhər sakini Xanlar Məmmədov və Quba rayon sakini Rəşid Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
***
10:08
Ötən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən şəxslərin adları müəyyənləşib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olduğu məlum olub.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
***
02:05
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı avtomobil toqquşub.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nəticədə avtomobildə olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
S.B.
www.oxu.az