Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Telepatiya" ilə kompüteri idarə edən ilk pasiyent: "Mən yuxuda olanda kursor hərəkət edib..."
Beyninə çip yerləşdirilən ilk pasiyent Nolan Arbo implantdan, demək olar ki, bütün günü istifadə edir.
Bu barədə o, "Business Insider"ə müsahibəsində danışıb.
Arbonun sözlərinə görə, "Neuralink" şirkətinin implantı sayəsində o, "X" sosial şəbəkəsində mesaj göndərə, elektron poçtlara cavab verə, komiksləri oxuya və yapon dilini öyrəndiyi sayta daxil ola bilir. O, həmçinin "Neuralink"in mənzil-qərargahına səfər edərkən hotel otağı sifariş etmək üçün də ondan istifadə edib.
"Bir dəfə ondan istifadə edərkən yatdım. Mən yuxuda ikən kursor hərəkət edib və hələ də klikləməyə davam edib. Təxminən beş dəqiqə yatdım, oyandığımda isə kompüterdə təxminən 10 müxtəlif proqram açıq idi", - deyə Arbo başına gələn maraqlı hadisəni də bölüşüb.
O qeyd edib ki, belə şeylərin baş verməməsi üçün kursoru söndürmək mümkündür.
"Bəzən günüm səhər saat 7-də başlayır və implantdan axşam saat 11-ə qədər istifadə edirəm", - deyə Arbo əlavə edib.
O, gündə dörd-səkkiz saatının neyrokompüter interfeysi mütəxəssisləri ilə məşğul olmağa sərf olunduğunu əlavə edib. Bu, çipin işində səhvlərin aşkarlanması və aradan qaldırılması üçün lazımdır.
Arbo deyib ki, çipin implantasiyası ona dostları və ailəsi ilə yenidən birləşməyə, həyat keyfiyyətini yaxşılaşdırmağa və daha müstəqil olmağa imkan verib.
"Bu mənə motivasiya və hədəf verdi. Mənalı iş gördüyümü hiss edirəm. Hər gün etdiyim işin bundan sonra insanlara əbədi təsir edəcəyini bilirəm və bu məni daim gümrah saxlamaq üçün kifayətdir", - deyə o bildirib.
Qeyd edək ki, 30 yaşlı Arbo səkkiz il əvvəl suya tullanarkən başından travma alıb, bu isə onun çiyinlərindən aşağı iflic olması ilə nəticələnib.
Yanvar ayının sonunda ona amerikalı milyarder İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink"in "Telepatiya" ("Telepathy") cihazı implant edilib. Çip - qulaq arxasına eşitmə aparatı kimi bərkidilən qəbuledici kapsuldan və ondan beyinə gedən, insan saçından dörd dəfə nazik olan sapvari elektrodlardan ibarətdir. Çipin köməyi ilə Arbo düşüncəsinin gücü ilə kompüter ekranında kursoru hərəkət etdirə bilir.
Arbo neyroçipin bir il ərzində beynində qalmasına razılıq verib. Bundan sonra onu deaktiv etmək və ya çıxarmaq barədə qərar veriləcək. Arbo deyib ki, çox güman ki, çipi saxlamaq və hətta yeni versiya çıxdıqda ona keçmək istəyəcək.
Mənbə: RBK
Mövzuya aid xəbərlər
- Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı
- Tarixdə bir ilk: Sadəcə, düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi - FOTO
- Maskın şirkətinin implant qoyduğu ilk xəstə uğurunu sərgilədi: Düşüncə gücü ilə şahmat oynadı - VİDEO
- Maskdan beyninə çip yerləşdirilən insan barədə həyəcanlı açıqlama - VİDEO
- Dünyada bir ilk: İnsan beyninə çip yerləşdirildi - FOTO/VİDEO