"SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib ki, rəhbərlik etdiyi "Neuralink" şirkətinin texnologiyaları yaxın illərdə iflic xəstələrinə yenidən yerimək və qollarından istifadə etmək imkanı verəcək.
Oxu.Az xəbər verir ki, iş adamı bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Yaxın illərdə "Neuralink" insanlara yenidən sərbəst gəzmək və əllərini idarə etmək imkanı yaradacaq", - deyə Mask bildirib.
O, bu fikirləri 2024-cü ildə "Neuralink" çipi implantasiya edilən ilk şəxs olan Noland Arbonun hekayəsinə münasibət bildirərkən səsləndirib.
2016-cı ildə İlon Mask tərəfindən əsası qoyulan "Neuralink" şirkəti insan beyninə yerləşdirilərək kompüterlə əlaqə yaradan çiplərin istehsalı üzərində çalışır. Şirkətin layihələri arasında iflic xəstələrinin cihazları düşüncə vasitəsilə idarə etməsinə imkan verən "Telepathy", tam korluq zamanı görmə qabiliyyətini bərpa etmək üçün nəzərdə tutulan "Blindsight", eləcə də nevroloji və psixiatrik xəstəliklərin müalicəsinə yönəlmiş beyin-kompüter interfeysləri var.
"Neuralink" implantları tamamilə naqilsizdir və xaricdən görünmür. Onların beyinə yerləşdirilməsi üçün şirkət xüsusi cərrahi robot hazırlayıb. Bildirilir ki, bu robot əməliyyat prosesini 11 dəfə sürətləndirməyə imkan verir və xəstələrin 99 faizi üçün uyğundur.