BYD konserninə məxsus premium "Yangwang" brendi Çində ilk dəfə özünün flaqman elektrik sedanı "Altior" modelini təqdim edib. Modelin debütü Quançjou avtosalonunda baş tutub. Çin avtomobil nəhəngi bu yeniliklə lüks avtomobillər seqmentində "Rolls-Royce" və "Mercedes-Maybach" markalarına rəqib olmağı hədəfləyir.
Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, avtomobilin qiyməti 2.08 milyon yuandan (təxminən 530 570 manat - red.) başlayır.
Sedanın uzunluğu 5.6 metr, təkər bazası isə 3.5 metrdir. "Altior"un dizaynı qədim Çin ritual bürünc qabı olan dinq formasından ilhamlanıb. Radiator barmaqlığı əl ilə cilalanmış qiymətli daşları xatırladan 137 elementlə bəzədilib. Ön hissədə avtomobil sahibi yaxınlaşdıqda ardıcıl şəkildə yanan 12 işıq modulu quraşdırılıb. Optika zərgərlik məmulatlarının üzlənməsi effektində hazırlanıb, emblemi isə 24 karatlıq qızıldan düzəldilib. Qapılar yanlara doğru açılır: ön qapılar 80, arxa qapılar isə 90 dərəcə açılır. Onların daxilində çətirlər üçün xüsusi bölmələr nəzərdə tutulub.
"Altior" dörd müstəqil elektrik mühərriki ilə hərəkətə gətirilir. Mühərriklərin dəqiq gücü hələlik açıqlanmır. Elektromobil yerində dönmə ("tank dönməsi") qabiliyyətinə malikdir, yol səthini skan edən aktiv asqı sistemi və suya düşmə halında fövqəladə üzmə sistemi ilə təchiz olunub.
CLTC dövrü üzrə yürüş ehtiyatı 1 000 kilometri ötür. İkinci nəsil yeni "Blade" batareyası ultrasürətli enerji doldurmanı dəstəkləyir: enerjini 10 faizdən 70 faizə qədər cəmi 5 dəqiqəyə, 97 faizə qədər isə təxminən 9 dəqiqəyə doldurmaq mümkündür. Dörd nəfərlik salon ikinci sıra sərnişinlərinin rahatlığı nəzərə alınaraq hazırlanıb. Daxili tərtibatda taxta, dəri, ipək, yun və nefritdən istifadə olunub.
Sərnişinlər üçün masaj funksiyalı, çıxarıla bilən ayaq dayaqlarına malik oturacaqlar və xüsusi istirahət rejimi nəzərdə tutulub. Bu rejim aktivləşdirildikdə oturacaqlar açılaraq uzanmaq üçün vəziyyətə gətirilir, dayaqlar qaldırılır, pərdələr bağlanır və işıq zəiflədilir.
Avtomobildə 39 dinamikli audio sistem və 21.4 düymlük tavana quraşdırılmış ekran da var. Həmçinin iki soyuducu quraşdırılıb. Onlardan arxa hissədə yerləşəninin həcmi 5.5 litrdir və o, yalnız içkiləri və yeməkləri soyutmaq deyil, həm də qızdırmaq imkanına malikdir. Baqaj bölməsinin həcmi 532 litrdir.