"Xiyar və pomidorun tərkibindəki bəzi karbohidratlar və qida lifləri həzm sistemində narahatlıq yarada bilər".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov deyib.
Həkimin sözlərinə görə, mədə-bağırsaq sistemində yaranan xoşagəlməz hisslərin əsas səbəbi tərəvəzlərin özü deyil, onların tərkibində olan və nazik bağırsaqda tam həzm olunmayan karbohidratlar və qida lifləridir.
"Bu maddələr yoğun bağırsağa keçdikdə qaz əmələ gətirən bakteriyalar üçün qida mənbəyinə çevrilir", - deyə mütəxəssis bildirib.
Belousov qeyd edib ki, bu hal xüsusilə həssas bağırsaq sindromu və ya bağırsaq həssaslığı yüksək olan insanlarda daha qabarıq şəkildə özünü göstərir.
Həkim vurğulayıb ki, tərəvəzləri nadir hallarda qəbul edən şəxslər birdən-birə böyük porsiyada salat yedikdə müvəqqəti qaz yaranması və köp hissi ilə qarşılaşa bilərlər.
Onun sözlərinə görə, bunun əsas səbəbi təzə tərəvəzlərin tərkibindəki yüksək su miqdarı və həll olunmayan qida lifləridir. Adətən belə hallar təhlükəli sayılmır və qısa müddətdə öz-özünə aradan qalxır.
Bununla belə, qastroenteroloq bəzi əlamətlərin ciddi qiymətləndirilməli olduğunu bildirib. O qeyd edib ki, davamlı şişkinlik, güclü qarın ağrısı, qanama və səbəbsiz çəki itkisi müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.
Yevgeni Belousov pomidor və xiyarın birlikdə qəbul edilməsinin zərərli olması ilə bağlı geniş yayılmış fikri də təkzib edib.
Onun sözlərinə görə, bu iddianı təsdiqləyən etibarlı elmi sübut yoxdur.
Həkim əlavə edib ki, xiyar və pomidordan sonra yaranan narahatlıq əsasən qəbul edilən qidanın miqdarı və insanın fərdi həzm xüsusiyyətləri ilə bağlıdır.
Mütəxəssisin sözlərinə görə, salata əlavə edilən soğan, kələm və paxlalılar qaz əmələ gəlməsini daha çox artıran məhsullar sırasındadır.
Belousov mayonez və digər yağlı souslardan uzaq durmağı tövsiyə edib. O bildirib ki, bu cür souslar mədənin boşalmasını ləngidir və ağırlıq hissi yaradır. Südlü souslar isə laktoza dözümsüzlüyü olan insanlar üçün əlavə narahatlıqlara səbəb ola bilər.
Həkimin fikrincə, salatlara az miqdarda bitki yağı əlavə etmək həm daha sağlam seçimdir, həm də orqanizmin vitaminləri daha yaxşı mənimsəməsinə kömək edir.