İngiltərə ərazisinin təxminən yarısı rəsmi olaraq quraqlıq zonası elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Ətraf Mühitin Mühafizəsi Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, yüksək temperatur və uzun müddət yağıntının normadan xeyli az olması quraqlığın əsas səbəbi olub.
Rəsmi olaraq quraqlıq zonası elan edilən ərazilərə yeddi region daxildir: Şərqi İngiltərə, Hertfordşir və Böyük London, Temza vadisi, Hempşir və Uayt adası, Devon və Kornuoll, Uest-Midlends, eləcə də Dorset, Somerset, Uiltşir və Cənubi Qlosterşiri əhatə edən Uesseks bölgəsi.
Ətraf Mühitin Mühafizəsi Agentliyinin su resursları üzrə direktoru və Milli Quraqlıq Qrupunun sədri Helen Ueykhem bildirib ki, mövcud hava şəraiti su ehtiyatlarına ciddi təsir göstərir.
"İsti və quru hava şəraiti o deməkdir ki, hazırda biz sudan təbiətin onu bərpa edə biləcəyindən daha sürətlə istifadə edirik", - deyə o bildirib.
"Biz hər kəsin isti havada təhlükəsiz qalmasını və kifayət qədər su içməsini istəyirik. Lakin qənaət edilən hər damla su həm təbiətin, həm də kənd təsərrüfatının qorunmasına töhfə verir", - Ueykhem əlavə edib.
Mütəxəssislərin proqnozuna görə, cari ilin iyul ayı meteoroloji müşahidələrin aparıldığı dövr ərzində ən quraq iyullardan biri kimi tarixə düşə bilər.