"Şükufə xanımla görüşmüşəm, vəziyyəti normaldır."
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Şükufə Yusupovanın bacısı oğlu Elman Ələsgərov deyib.
"Hazırda palatadadır. Təbii ki, ağrıları var, amma vəziyyəti stabildir. Yeyir, danışır. Əməliyyat olunması məsələsi hələ ki, sual altındadır. Reanimasiyadan təzə çıxıb, gərək bir az özünə gəlsin. Ondan sonra həkimlər bir qərar verəcəklər", - deyə E.Ələsgərov bildirib.
Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.
"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, avqustun 21-də Ş.Yusupovanı piyada zolağının üstündə maşın vurub.